Qədim Şirvan
Şirvan — Azərbaycan ərazisində mövcud olmuş qədim şəhər. Xəzər dənizi sahilində - Şamaxı-Dərbənd ticarət yolu üstündə yerləşirdi. Tarixi Şirvan vilayətinin mərkəzi idi.
Əlİstəxri, ibn-Havqəl və əl-Müqəddəsi Şəmaxiyyə və Şəbəranla yanaşı, Şirvan şəhərinin də adını çəkirlər. İbn Havqəlin xəritəsində Şəbərandan başlayaraq Şirvan və Şəmaxiyyədən keçib, Bərdicə, oradan da Bərdəyə gedən yol qeyd edilmişdir. Həm də, Şəbəranla Şirvan arasındakı məsafə Şirvanla Şəmaxiyyə arasındakı məsafədən üç dəfə çoxdur. Müqəddəsi (təqribən 985-ci ildə yazmışdır) Şirvan haqqında aşağıdakı məlumatları verir: "Düzənlikdə böyük şəhərdir. Binaları daşdandır, bazar meydanında Cümə məscidi vardır. Şəhərin içindən çay keçir". V. F. Minorskinin fikrincə, Şirvanşah şəhərinin bu təsviri Şəbərana aiddir, belə ki, İstəxrinin əsərinin bizə gəlib çatmayan, lakin Yaqut tərəfindən istifadə olunmuş nüsxəsində Şirvan əvəzinə Şəbəran yazılmışdır.